Antalya şəhərində dünyadan Gəncə hadisələrinə etiraz səsini ucaltmaq tələb olunub

18.10.2020

Türkiyənin Antalya şəhərində işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına etiraz əlaməti olaraq mitinq keçirilib.

Antalya-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyası Azərbaycan Kültür Parkında baş tutub. Mitinqdə siyasi partiyaların əyalət şöbələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, yerli sakinlər və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Gəncə terrorunun qurbanları və şəhidlərimizin xatirəsi yad edilib.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, Gəncə qurbanlarının şəkillərinin nümayiş olunduğu mitinqdə çıxış edənlər işğalçı Ermənistanın cəbhə bölgəsindən uzaq Azərbaycan şəhərlərini raket atəşinə tutmasını hiddətlə pisləyiblər.

"Terrora yox deyirik!", "Gəncə cəbhə bölgəsi deyil!", "Erməni terrorunu dayandırın!", "Uşaq ölümünə son qoyulsun", "Mülki insanlar toxunulmazdır!", "Qarabağ Azərbaycandır!" və sair şüarlar səsləndirən mitinq iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın Gəncədə törətdiyi tükürpədici vandalizm aktına susmamağa çağırıblar.

Xatırladaq ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın qədim Gəncə şəhərini raket atəşinə tutub. Terror aktları nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə və mülki obyektlərə külli miqdarda ziyan dəyib.