Monteneqronun "A1" telekanalında Azərbaycanın haqlı mövqeyindən danışılıb

16.10.2020

Monteneqronun "A1" televiziya kanalının "Oraya və geriyə" ("Tamo i natrag") verilişində Azərbaycanda yaranmış mövcud vəziyyətdən bəhs edilib.

Ölkədaxili, regional və beynəlxalq siyasi proseslərin təhlili aparılan verilişin qonağı olan Azərbaycan–Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə bildirib ki, işğalçı Ermənistanın 27 sentyabrdan başlayaraq davam edən hərbi təxribatlarına əks-hücum əməliyyatları ilə cavab verən Azərbaycan ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin özünümüdafiə və ərazi bütövlüyünün bərpa edilməsi hüquqlarını həyata keçirir. Terroru və terrorçu təşkilatları dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycanı digər ölkələrdən döyüş bölgəsinə terroristlər gətirməkdə ittiham etməsinin gülünc, əsassız və məntiqsiz olduğu dəlillərlə sübut edilib.

Ermənistanı müstəqil Azərbaycan dövlətinin sülhün əldə olunması üçün irəli sürdüyü şərtləri doğru dəyərləndirməyə, işğal etdiyi torpaqları dərhal və qeyd-şərtsiz tərk etməyə çağıran soydaşımız bildirib ki, əks halda Azərbaycan ordusu hərb yolu ilə torpaqlarımızı azad etmək hüququndan sonadək istifadə edəcək.