Ahıska türkləri dünya birliyini Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləməyə çağırıb

15.10.2020

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinçi şəhəri Gəncədə mülki əhalini və obyektləri hədəfə alan hücumlarını pisləyib.

Bu məqsədlə Birliyin qəbul etdiyi bəyanatında bildirilib ki, Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dinc əhali arasında itkilər və yaralılar olub. "Ermənistan tərəfi insanlığa qarşı cinayət etməkdədir. DATÜB olaraq hücumu şiddətlə qınayırıq. Vətən mücadiləsi aparan Azərbaycanın yanında bütün gücümüzlə durmağa davam edəcəyimizi bir daha bəyan edirik".

Birliyin rəhbəri Ziyəddin Kassanov dünya birliyini bu vəhşi hücumu sərt şəkildə pisləməyə çağırıb. "Azərbaycanın Vətən mücadiləsində Ahıska türkləri olaraq ən ön cərgədə olmağa davam edəcəyik".

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.