İşğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təxribatları, ermənilər tərəfindən mülki insanların və obyektlərin hədəfə alınması xaricdə yaşayan soydaşlarımızda ciddi narahatlıq doğurur.
Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinə etiraz edərək müxtəlif tədbirlər keçirir, dövlətimizə və ordumuza dəstəklərini ifadə edir, eləcə də cəbhəyanı zonada yaşayan insanlara və şəhid ailələrinə yardım məqsədilə müxtəlif aksiyalar təşkil edirlər.
Növbəti belə bir aksiya Niderlandda fəaliyyət göstərən "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun təşəbbüsü ilə keçirilib.
Aksiyada Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova, “İsveç-Azərbaycan Birliyi”nin (SAF) sədri, İsveç Azərbaycanliları Koordinasiya Şurasının üzvü, İsveçdə Qarabağ məktəbinin rəhbəri Sevda Dadaşova, Tovuz "Retail" MMC-nin Baş direktoru, "İMZA" İctimai Birliyinin Qərb regional nümayəndəliyinin sədr müavini Günel Mammadhasanova, “Müharibə veteranı qadınlarına sosial yardım” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Svetlana Osmanova, "Dünya azərbaycanlı qadınların həmrəyliyi" İctimai Birliyinin rəhbəri Radə Abbas, “Miqrasiya proseslərinin tədqiqi” İctimai Birliyinin rəhbəri Fəridə Vəliyeva iştirak ediblər.
Azərbaycanlı xanımlar bu tarixi günlərdə xeyriyyə tədbirlərini davam etdirmək niyyətindədirlər.