İordaniya Haşimilər Krallığındakı Azərbaycan diasporunun bu ölkənin geniş oxucu auditoriyasına malik www.orobanews.com xəbər portalında Ermənistanın təxribatlarını pisləyən bəyanatı dərc olunub (https://orobanews.com/2020/10/13/azerbaijani-diaspora-in-jordan-statement).
Bəyanatda bildirilir: 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərini işğal al-tında saxlayır. Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları bir daha Ermənistanın işğalçı dövlət olmasını təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən işğalçı dövlətin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı, əksinə yeni ərazi iddiasında olduğu da vurğulanır. Dünya ictimaiyyətini Cənubi Qafqaz regionunda sülhə və sabitliyə ciddi təhlükə olan Ermənistanın bu işğalçı siyasətinə son qoymağa çağırırıq.
Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqaçı-alim Seymur Nəsirovun bu ölkənin aparıcı qəzetlərindən biri olan "Almasryalyoum" qəzetinin saytında Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistana qarşı apardığı haqlı mübaribənin səbəbləri barədə yazısı dərc olunub. O, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda müharibənin yalnız işğal altında olan torpaqlarımızda aparıldığını vurğulayıb. (https://www.almasryalyoum.com/news/details/2053514).
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Oman Sultanlığı və Əlcəzair Xalq Demokratik Respublikasında yaşayan azərbaycanlılar da Azərbaycan dövlətinin yanında olduqlarını bəyan edərək yaşadıqları ölkələrin yerli ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini pisləməyə çağırıblar. Həmvətənlərimiz işğalçı Ermənistan ordusunun Azərbaycan Respublikasının cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfərin həlak olmasını, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla 34 nəfərin yaralanmasını təcavüzkar dövlətin növbəti terror aktı kimi qiymətləndiriblər.