Ermənistan rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab verməsi tələb edilir

14.10.2020

Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) Azərbaycana qarşı hərbi cinayətlər törədən Ermənistanı şiddətlə qınayıb və bu ölkənin rəhbərliyinin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyini bəyan edib.

Dərnəyin sədri Səfər Qaraqoyunlu bildirib ki, humanitar atəşkəs haqqında razılaşmanın əldə olunmasından dərhal sonra Ermənistanın Azərbaycanın qədim Gəncə şəhərində törətdiyi terror aktı Xocalı soyqırımını xatırladır: "Bu hadisənin təkrarlanmasının əsas və başlıca səbəbi məhz 1992-ci ildə Xocalıda soyqırımı törədənlərin hələ də cəzalandırılmamasıdır. Bu gün eyni düşüncə ilə Azərbaycanın Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə hücumlar edilir. Burada sual yaranır: Bəs atəşkəs istəyənlər, insan haqları müdafiəçiləri indi haradadırlar? ATƏT-in Minsk qrupu niyə səssiz qalır?"

O, qeyd edib ki hər an insanlığa qarşı hərbi cinayətlər törədən Ermənistan rəhbərliyi beynəlxalq məhkəmə qarşısında mühakimə olunmalı və sərt cəzalandırılmalıdır: "Hər cinayətkar öz cəzasını çəkməlidir”.