Soydaşlarımız Yeni Zelandiya hökumətini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıblar

13.10.2020

Yeni Zelandiyada yaşayan soydaşlarımızın adından bu ölkənin hökumət və parlament üzvlərinə müraciət edilib.

Soydaşımız Tofiq Məmmədovun imzası ilə ölkənin baş nazirinə, xarici işlər nazirinə, siyasi partiyaların parlamentdəki fraksiyalarının rəhbərlərinə, deputatlara ünvanlanan müraciətdə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətin 27 illik tarixinə nəzər salınıb. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun milyona yaxın azərbaycanlı icmasının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığı, fundamental insan hüquqlarının, o cümlədən yaşamaq haqqının kobudcasına pozulduğu vurğulanıb. Sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hücumuna cavab olaraq əks-hücuma keçən Azərbaycan ordusunun xalqımızın özünümüdafiə və torpaqlarımızın işğaldan azad olunması hüquqlarını həyata keçirdiyi bildirilib.

Soydaşımız Yeni Zelandiya hökumətini Azərbaycanın cəbhədən uzaq şəhərlərində yaşayan mülki əhalisini bombardmana məruz qoyan Ermənistanı sərt şəkildə qınamağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb: "Yeni Zelandiya elə ölkədir ki, insan hüquqlarını müdafiə edir, mülki əhaliyə hücumlara qarşı çıxır. Biz bu ölkəni günahsız dinc sakinlərin müdafiəçisi məsələsində lider kimi görmək istərdik. Bu məsələ ilə bağlı sizin dəstəyiniz və töhfəniz heç bir vaxt unudulmayacaq".