İğdır velosipedçiləri "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər

13.10.2020

Türkiyənin bütün bölgələrində Azərbaycana dəstək aksiyaları keçirilməkdədir. Maraqlı aksiyalardan birini İğdır Araz Açıq İdman və Kültür Klubları Dərnəyi və İğdır Velosiped Klubu üzvləri gerçəkləşdiriblər.

İdmançılar İğdırdan Naxçıvan və Türkiyəni birləşdirən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafəni (iki tərəfə ümumilikdə 180 km) velosipedlə qət ediblər. Dilucu sərhəd-keçid məntəqəsinə çatan yürüş iştirakçıları Həsrət körpüsü üzərində Türkiyənin və Azərbaycanın bayraqlarını açaraq "Azərbaycanın yanındayıq, Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.

Araz Açıq İdman və Mədəniyyət Klubu Başçısı Serpil Önal deyib ki, bütün dünya Azərbaycanın haqq işinin yanında olmalıdır: "Azərbaycan ermənilər tərəfindən işğal edilən torpaqlarını azad etməyin savaşını aparır. Bu haqlı davasında sonuna qədər Azərbaycanın yanındayıq. "Bir millət, iki dövlət" devizi və Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" ifadəsi qardaşlıq əlaqələrinin milli duyğularını ürəyimizdə hiss etdirir".