ABŞ-ın Texas ştatının ən böyük şəhəri olan Hyustonda yaşayan azərbaycanlılar faşist mahiyyətli Ermənistanın müstəqil Azərbaycana qarşı hücumundan əziyyət çəkən vətəndaşlarımızı dəstəkləmək məqsədi ilə xeyriyyə aksiyası təşkil edib.
Amerika Azərbaycanlıları Mədəniyyət Alyansı və Hyuston-Azərbaycan məktəbinin təşkil etdiyi tədbirdə şəhərin azərbaycanlı və digər dost xalqların içmalarının 200-də çox nümayəndəsi iştirak edib. Tədbirə qatılan hyustonlu məktəblilər xüsusi fəallıq nümayiş etdiriblər.
Xeyriyyə tədbirini ziyarət edənlər azərbaycanlı xanımların fədakarlığını və xoş niyyətini yüksək qiymətləndiriblər. Qonaqlar azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrimizin müqabilində ianə ödəyiblər.
Toplanan vəsait Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan vətəndaşların və şəhid ailələrinin ehtiyaclarına yönəldiləcək.