Nürnberqdə yaşayan azərbaycanlılar Gəncə şəhərindəki amansız terror aktına etiraz aksiyası keçirib

12.10.2020

Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib.

Aksiyada ölkənin müxtəlif bölgələrindən gələn soydaşlarımız və Türkiyənin diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Aksiya iştirakçıları polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycan, alman və ingilis dillərində “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirilib.

Aksiyanın mitinq hissəsində çıxış edənlər işğalçı Ermənistan ordusunun 11 oktyabr 2020-ci il gecə saat 2 radələrində Gəncədəki mülki yaşayış məntəqəsini raket atəşinə tutmasını sərt şəkildə pisləyiblər. Qeyd edilib ki, 9 nəfərin həlak olması, 34 nəfərin yaralanması, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulması ilə nəticələnən bu terror aktı humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Aksiya iştirakçıları bildiriblər ki, Gəncə terroru cavabsız qalmayacaq, bütün Avropa Ermənistanın terror və təxribatları barədə ətraflı məlumatlandırılacaq.