Marneulidə Azərbaycana dəstək mitinqi təşkil edilib

11.10.2020

Gürcüstanın Marneuli rayonunda müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə izdihamlı mitinq keçirilib.

Tbilisi, Marneuli, Kaspi, Kareli, Qori, Telavi, Saqareco, Laqodexi, Dmanisi, Bolnisi, Qardabani və Rustavidə yaşayan 2000 nəfərə yaxın sakinin qatıldığı mitinq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Aksiyada Marneulinin İmam Cüməsi, axund Hacı Hacıyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Rafiq Hümmət, Suxumi Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov, Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Əziz Nəbiyev, Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədov, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının lektoru Simon Kopadze, GAİM-in müəllimi Fatma Əliyeva və başqaları çıxış ediblər.

Natiqlər bildiriblər ki, Ermənistanın 27 ildir işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın əzəli torpaqlarıdır və bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Gürcüstandakı soydaşlarımızın Ermənistanın təcavüzkar siyasətini şiddətlə pislədiyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini, Azərbaycan ordusunun ölkəmizin özünümüdafiə, torpaqların işğaldan azad olunması və ərazi bütövlüyü hüquqlarını təmin etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatlarını dəstəklədiyi vurğulanıb. Tribunadan Azərbaycan və gürcü dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndirən ziyalılar işğal altında olan bütün torpaqların tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarının dalğalandığı aksiyada "Yaşasın Azərbaycan Prezidenti!", "Yaşasın, Azərbaycan əsgəri!", "Qarabağ Azərbaycandır!", "Erməni işğalına son qoyulsun!", "Xocalıya ədalət!", "Qarabağ bizimdir, bizim olacaq!", "Eşq olsun Azərbaycan-Gürcüstan dostluğuna!" və digər şüarlar səsləndirilib.