Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Dağlıq Qarabağ münaqişəsinə Tbilisidən baxış” mövzusunda dəyirmi masa keçirilib.
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin məsul əməkdaşı, Gürcüstanın tanınmış siyasətçiləri, tarixçi alimlər və jurnalistlər iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva tədbiri giriş sözü ilə açdıqdan sonra politoloq Simon Kopadze, Azərbaycan səfirliyinin müşaviri Eldar Bayramov, “Qruziya Online” portalının rəhbəri Qoça Qvariami, Statistika üzrə Müstəqil Ekspertlər Şurasının üzvü, sabiq prezident E.Şevardnadzenin müşaviri olmuş Qela Kvaçantiradze, politoloq, tarixçi alim Quran Marxuliya, politoloq Tengiz Pxaladze və başqaları çıxış ediblər. Natiqlər Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, emənilərin təkcə Azərbaycan torpaqlarını deyil, Gürcüstan ərazilərini də işğal etdikləri, cəbhədə Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının nəticələri, dalana dirənən Ermənistanın Azərbaycanın şəhər və kəndlərini, dinc əhalisini raket və top atəşinə tutması barədə ətraflı məlumat veriblər: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etməsi Azərbaycan xalqının haqq işidir".
Qeyd edilib ki, Cənubi Qafqaz regionunda cərəyan edən gərgin proseslərə, xüsusən də 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, Ermənistan səbəb olub. Azərbaycan və Gürcüstanın inkişafını istəməyən dövlətlər Ermənistan vasitəsilə sabitliyi pozur, yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Təcavüzü, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan onların əlində oyuncaqdır. Ermənistanın hazırkı rəhbərliyi isə ölkə daxilində yaranmış gərginliyi, əhalinin ağır sosial-iqtisadi vəziyyətini gizlətmək üçün münaqişəni yenidən alovlandırır və çıxış yolunu yalnız bunda görür. Bu isə nəinki Ermənistan dövlətinin süqutuna, erməni xalqının məhvinə gətirib çıxaracaq.
Tədbir iştirakçıları birmənalı şəkildə vurğulayıblar ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi regionun inkişafına təkan verəcək.