Soydaşlarımız Almaniyanın federal kanslerinə müraciət etdi: işğalçı Ermənistanı dayandırın

09.10.2020

Almaniyada yaşayan Azərbaycan icması ölkənin federal kansleri Angela Merkelə müraciət edib.

Çoxsaylı soydaşımızın imzası ilə federal kanslerə ünvanlanan məktubda bildirilib ki, icmamız Almaniyanın beynəlxalq hüquqa əsaslanan dünya nizamının tərəfdarı olduğuna əmindir. Ona görə ki, bu, xalqların dünc yanaşı yaşamasını təmin edir.

Müraciətdə qeyd edilib ki, soydaşlarımız Ermənistanın 27 sentyabr təxribatı nəticəsində yaranmış mövcud vəziyyətdən çox narahatdırlar: "Təəssüf ki, hər iki tərəfdən çoxlu insanlar həlak olub. Ermənistandan fərqli olaraq, Azərbaycan özünümüdafiə hüququna müvafiq olaraq hərəkət edir. BMT-nin Nizamnaməsinə əsasən, məhz öz ərazisini və vətəndaşlarını müdafiə etmək hər bir dövlətin danılmaz haqqıdır".

Federal kanslerin diqqətinə çatdırılıb ki, hazırda Ermənistanın cəbhə zonasından xeyli uzaqda olan Azərbaycan şəhər və rayonlarındakı mülki yaşayış məntəqələrinə və obyektlərinə raket zərbələri endirməsi beynəlxalq humanitar hüququn kobudcasına pozulması və rəsmi Yerevanın münaqişənin miqyasını genişləndirmək cəhdidir: "Bunu dərhal dayandırmaq lazımdır".

Soydaşlarımız federal kansleri Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi, BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair qərarlarını yerinə yetirməsinə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa əsasən ədalətli şəkildə həllinə və etibarlı sülhün təmin olunmasına yardım etməyə çağırıblar.