Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatlarına etiraz etmək və Azərbaycanın haqlı mövqeyini dəstəkləmək məqsədilə silsilə dəyirmi masalar keçirirlər.
Moskva şəhərində Rusiya Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının, Yekaterinburq şəhərində "Azərbaycan-Ural" Sverdlovsk vilayəti ictimai milli-mədəni muxtariyyətinin, Vladiqafqaz şəhərində Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”, Orenburq şəhərində "Orenburq Azərbaycanlılarının Milli Konqresi" ictimai təşkilatının, Stavropol diyarında “Odlar Yurdu” ictimai təşkilatının, Samara şəhərində Samara Vilayəti Azərbaycanlıları Liqasının, İnquşetiyada Regional Milli Mədəni Muxtariyyətin təşkil etdikləri dəyirmi masalarda işğalçı Ermənistan ordusunun bütün cəbhə boyu ölkəmizə qarşı genişmiqyaslı hücuma keçməsi, hərbi obyektləri, mülki vətəndaşları və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması sərt şəkildə pislənilib. Azərbaycan ordusunun əks-hücümündan və torpaqlarımızı erməni işğalından azad etməyə başlamasından sonra Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından uzaqda olan şəhər və rayonlarının raket zərbələrinə məruz qoyulması bu ölkənin təcavüzkar və işğalçı mahiyyətinin daha bir sübutu kimi qiymətləndirilib.
Soydaşlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə uğurlar əldə edən Azərbaycan ordusuna və dövlət başçısının ətrafında bir yumruq kimi birləşən xalqımıza dəstəklərini ifadə ediblər.