Niderlandda yaşayan soydaşlarımız Ermənistanın 27 sentyabr 2020-ci il tarixindən başlayan hücumuna Azərbaycan ordusunun əks-hücumla cavab verməsindən sonra yaranmış mövcud durumla əlaqədar yerli və xarici qurumlara müraciət ediblər.
Avropa azərbaycanlılarının media-qrupunun rəhbəri Emil Əliyev, Niderlandda "Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli, Azərbaycan-Niderland "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırova, "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova və Benelüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədovun imzaları ilə ölkənin kralına, baş nazirinə, millət vəkillərinə, KİV-lərə, Avropa Parlamentinə və dünya birliyinə ünvanlanan bəyanatlarda bildirilib ki, 27 ildir torpaqlarımızı işğal edən, beynəlxalq təşkilatların sənədlərində işğalçı statusu təsdiqlənən Ermənistan təcavüzkar siyasət aparmaqda davam edir. Bu ölkə Azərbaycanın cəbhə boyu ərazilərini, Dağlıq Qarabağdan uzaqda olan şəhər və rayonlarını bommalamaqla Azərbaycan vətəndaşlarının fundamental insan haqlarını, o cümlədən yaşamaq hüququnu kobudcasına pozub və regionda çox təhlükəli vəziyyət yaradıb.
Soydaşlarımız hesab edirlər ki, bu durum beynəlxalq təşkilatlar tərəfindən ən sərt şəkildə pislənilməlidir və Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır: "Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməsi və beynəlxalq hüquq normalarına uyğun davranmasının təmin olunması üçün Ermənistan dövlətinə təsir etməyə çağırırıq".