Dünya Ahıska Türkləri Birliyi Azərbaycana dəstəyini ifadə edən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bəyanatla çıxış edib. Təşkilatın Türkiyə, Fransa və Qazaxıstan nümayəndəlikləri tərəfindən müxtəlif dillərdə yayımlanan bəyanatda bildirilir ki, Azərbaycan hər zaman ahıska türklərinə sahib çıxıb, ahıska türkləri isə Azərbaycanı öz vətənləri olaraq görür.
Bəyanatda Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən cinayətlər vurğulanıb, cari ilin 12 iyulunda Tovuzda və 27 sentyabrında isə bütün cəbhə boyu, eləcə də cəbhədən kənar şəhərlərdə dinc Azərbaycan əhalisinə qarşı törədilən təxribatlar diqqətə çatdırılıb.
Bəyanatda həmçinin qeyd olunur ki, birinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ahıska türkləri də Vətənin müdafiəsinə qalxıb.
“Ahıska türkləri keçmişdə olduğu kimi, bu gün də Azərbaycanın haqlı davasında əli silah tutan qəhrəman övladları ilə birgə işğal altındakı vətən torpaqları üçün döyüşməyə hazırdır”- deyə bəyanatda bildirilir.