Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evində Köln Beynəlxalq Demokratlar Birliyi təşkilatının icraçı direktoru Məryəm Bekar ilə görüş keçirilib.
Görüşdə Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev, həmin təşkilatın həmtəsisçisi Altay Rüstəmov və üzvləri iştirak ediblər. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı bütün cəbhə boyu genişmiqyaslı hücumları haqqında danışılıb. Azərbaycanın özünümüdafiə və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində torpaqlarını işğaldan azad etmək məqsədilə Azərbaycan ordusunun əks-hücuma keçdiyi, Qarabağdakı yeni qələbələrlə xalqımızı ruhlandırdığı barədə məlumat verilib. Bu tarixi günlərdə Türkiyə dövlətinin və türk xalqının Azərbaycanı dəstəkləməsinin hər bir azərbaycanlıda qürur hissi yaratdığı qeyd olunub.
Məryəm Bekar bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə bütün sahələrdə olduğu kimi diaspor fəaliyyəti sahəsində də sıx əməkdaşlıq edəcəyini bildirib. Yerli media orqanlarında erməni yalanlarının ifşası ilə bağlı birgə əməkdaşlığın zəruri olduğu vurğulanıb.