Oktyabrın 4-də Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Oslo Azərbaycan Evi və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə Ermənistan ordusunun törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatlara qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib. Tədbir iştirakçıları Norveç mediasında Azərbaycanın haqlı mövqeyini əks etdirməyən və ya bitərəf mövqe sərgiləyən yazılara etiraz etmək üçün işçi qrupu yaradıb. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, eləcə də Mingəçevirin raketlərlə vurulmasına etiraz olaraq Norveçin Baş nazirinə, xarici işlər nazirinə, beynəlxalq və yerli təşkilatlara müraciət ünvanlanıb. Rəsmi qurumlar erməni özbaşınalığına biganə qalmamağa və etiraz etməyə çağırılıb. Müraciətdə bildirilib ki, Mingəçevir SES-i və Mingəçevir bəndinin Ermənistan ordusu tərəfindən hədəfə alınması fəlakətlə nəticələnə bilər.
Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini yad edib, yaralılara şəfa diləyiblər. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbələrə sevindiklərini vurğulayıblar. Bildirilib ki, Norveçdə yaşayan Azərbaycan icması Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, bu mübarizədə Azərbaycan dövlətinə və ordusuna dəstək olmaq üçün əllərindən gələni etməyə hazırdır.
Sonda Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdlərinin hazırladıqları Azərbaycan bayrağı-döş nişanları tədbir iştirakçılarına hədiyyə olunub.