Slovakiya və Xorvatiyada yaşayan azərbaycanlılar, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Slovakiya və Xorvatiya üzrə koordinatorluğu, Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzi qəsbkar Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı törətdiyi hərbi təxribatları pisləyən bəyanat yayıblar.
Bəyanatlarda qeyd edilib ki, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan regionda təhlükəli qüvvəyə çevrilib. Azərbaycanın cəbhəboyu ərazilərindəki mülki yaşayış məntəqələrinə artilleriya zərbələri endirən Ermənistan indi də öz ərazisindən Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərindəki mülki əhalini və obyektləri raket atəşinə tutur.
Soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları təcavüzkar siyasətini dayandırması, Azərbaycanın işğal altında olan torpaqlarını dərhal azad etməsi və beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.