Türkan Həsənova: “Beynəlxalq hüquq bizim haqlı olduğumuzu sübut edir”

05.10.2020

İtaliyanın “agenziastampaitalia” portalında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının üzvü Türkan Həsənovanın “Beynəlxalq hüquq bizim haqlı olduğumuzu, qonaqpərvər və tolerant ölkəmizi sübut edir” başlıqlı müsahibəsi çap olunub.

Son günlər Ermənistan-Azərbaycan arasında baş verənlərlə bağlı sualı cavablandıran Türkan Həsənova sentyabrın 27-dən işğalçı Ermənistanın silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsi, Azərbaycan ordusunun mövqelərini, eləcə də əhalinin sıx yerləşdiyi mülki yaşayış məntəqələrinin intensiv atəşə tutulması faktını diqqətə çatdırıb. Nəticədə xeyli sayda ölən və yaralananların olduğunu, çoxlu sayda mülki obyektlərə, evlərə ziyan dəydiyini bildirib.

Türkan Həsənova bildirib ki, hazırki döyüşlər işğal olunmuş Azərbaycan ərazilərində aparılır. Azərbaycanın hər hansı başqa bir dövlətin torpağında gözü yoxdur. Həmyerlimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib, BMT-nin və digər ali qurumların məsələ ilə bağlı müvafiq qərar və qətnamələrini diqqətə çatdırıb. Bildirib ki, Ermənistan beynəlxalq hüquqa hörmət etmək istəmir.

Müsahibədə qeyd edilib ki, “Azərbaycan tolerantlıq ənənələri ilə yanaşı zəngin mədəni və mənəvi irsə sahib olan bir ölkədir. Bu günə qədər bu reallıq beynəlxalq səviyyədə tanınır. Ölkəmizin diqqətəlayiq tarixi, mədəni və təbii irsi dünyanın hər yerindən qonaqları cəlb edir”.