Yaponiyanin Asahi telekanalında Azərbaycanın ədalətli mövqeyindən danışılıb

04.10.2020

Oktyabrın 3-də Yaponiyanın Osaka şəhərində yayımlanan Asahi Televiziyasının "Seigi no Mikata" proqramında Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın ədalətli mübarizəsindən danışılıb.

Verilışdə iştirak edən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov və Keio Universitetinin professoru Hirose Yoko yerli tamaşaçılara Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri barədə ətraflı məlumat veriblər. Ə.Məmmədov münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnəməsinin olduğunu, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan və ona bitişik 7 rayondan çıxarılmasının tələb edildiyini, rəsmi Yerevanın isə bu qanuni tələblərə məhəl qoymadığını nəzərə çatdırıb.

Soydaşımız xatırladıb ki, Ermənistanın özü də daxil olmaqla BMT-nin bütün üzv ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 30 ilə yaxındır Azərbaycan ərazisinin 20%-ni işğal edib və son 3 ayda ölkəmizə qarşı iki hərbi təxribatlara yol verib. Azərbaycan ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq hazırda öz ərazilərini işğaldan azad etməyə və ölkəmizin ərazi bütövlüyünü təmin etməyə çalışır. "Biz hazırda sual verməliyik: Ermənistan ordusu Azərbaycan ərazisində nə gəzir?".

Ə.Məmmədov bildirib ki, artıq Azərbaycan xalqının və hökumətinin səbri qalmayıb və Azərbaycanın mübarizəsi haqq işidir.

Keio Universitetinin professoru Hirose Yoko da Azərbaycan ərazilərinin 20 faizinin indiyədək işğal altında qalmasına görə beynəlxalq birliyi, xüsusilə də ATƏT-in Minsk qrupunu ittiham edib.

Verilişdə iştirak edən tanınmış jurnalistlər, mədəniyyət və incəsənət xadimlərı Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bildiriblər.