Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

04.10.2020

Əziz həmvətənlər, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistan ordusu Azərbaycana qarşı geniş miqyaslı hərbi təxribatlara başlayıb. Təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında itkilər var, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

İşğalçı qüvvələr Tərtər, Bərdə, Füzuli, Daşkəsən, Şəmkir, Beyləqan, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Tovuz rayonlarında yaşayan mülki əhalini və obyektləri hədəfə alıb. Ermənistanın son hərbi təxribatları nəticəsində azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 24 nəfər həlak olub, 111 nəfər yaralanıb, 49 mülki obyektə və 248 yaşayış evinə ciddi zərər dəyib.

4 oktyabr saat 10 radələrində isə düşmən Azərbaycanın Gəncə şəhərini artilleriya atəşinə tutub. İnsanların sıx yaşadığı əraziyə atılan mərmilərdən 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ciddi ziyan dəyib. Gəncə şəhərinin Ermənistan ərazisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır.

Əziz həmvətənlər, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu Ermənistanın hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayıb, düşmənə layiqli cavab verilir və artıq bır sıra ərazilərimiz işğaldan azad olunub.

Vətənimiz üçün tarixi əhəmiyyət kəsb edən belə bir vaxtda birliyiniz və göstərdiyiniz dəstək üçün hər birinizə təşəkkür edirik. Sizlər yaşadığınız ölkələrin rəhbərlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara, beynəlxalq təşkilatlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə dəstək olursunuz. Azərbaycan dövlətinə və ordusuna göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir və qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün daha intensiv şəkildə davam etməyinizi tövsiyə edirik. Bunun üçün Facebook, Twitter, Telegram, İnstagram kimi sosial şəbəkə səhifələrindən çevik və aktiv istifadə zəruridir. Bütün lazımi informasiyaları Dövlət Komitəsinin rəsmi saytı www.diaspora.gov.az və sosial şəbəkə səhifələrindən (https://www.facebook.com/AzDiaspora, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz, https://t.me/AzerbaijaniDiaspora) əldə edə bilərsiniz.

Bu günlərdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılardan orduya dəstək və döyüşlərdə könüllü kimi iştirak etməklə bağlı çoxsaylı müraciətlər alırıq. Buna görə Sizə təşəkkür edirik. Şanlı Azərbaycan ordusu hər cür təminata malikdir. Ehtiyac yarandığı halda Sizlərə müraciət ediləcəkdir.

Ermənistanın kriminal rejimi öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspor üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə cəlb etmək üçün addımlar atır. Bununla bağlı bildiririk ki, xaricdə yaşayan insanların başqa ölkənin ərazisində hərbi əməliyyatlara və təlimlərə cəlb edilməsi beynəlxalq hüquq və normalara ziddir. Azərbaycan Xarici İşlər nazirliyinin açıqlamasında bu ifadə edilib: https://mfa.gov.az/az/news/6916/view

Əziz həmvətənlər, bir daha göstərdiyiniz dəstəyə görə Sizlərə təşəkkür edir, yaşadığınız ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq, Ali Baş Komandanımıza, dövlətimizə, ordumuza və xalqımıza dəstəyinizi davam etdirməyə, beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün müasir informasiya mübarizəsində daha çevik olmağa çagırırıq.