Qazaxıstandakı soydaşlarımız Ermənistanın təxribatlarını pisləyiblər

04.10.2020

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Azərbaycan dövlətini dəstəkləyən bəyanatlarla çıxış ediblər.

"Xəzər" Azərbaycan İctimai Birliyi, "Birlik" təşkilatı, Almatı şəhəri Azərbaycanlıları Assosiasiyası, "Atayurt-Nomad Azərbaycan etnomədəni birliyi" Respublika ictimai birliyi, Şimkənddəki Azərbaycan diasporu, “Qazaxıstanın Azərbaycan etnomədəni mərkəzlərinin birliyi” Hüquqi Şəxslər Birliyi Ermənistanın son təxribatlarını kəskin şəkildə pisləyib. Soydaşlarımız Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etməsini alqışla qarşılayıb.

"Ermənistan xaincəsinə törətdiyi hücumun nəticəsində haqq etdiyi cavabı almaqdadır. İnanırıq ki, Azərbaycan öz gücünü işğalçılara göstərəcək və qələbə bizim olacaq".

Soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırıblar.