Böyük Britaniyadakı soydaşlarımız xalqımızla həmrəy olduqlarını bəyan ediblər

04.10.2020

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar xalqımıza müraciət ediblər.

Britaniya Azərbaycanlıları Assosiasiyasının yaydığı müraciətdə bildirilir ki, Vətənimizin bu önəmli və şərəfli tarixində soydaşlarımızın ürəyi, düşüncələri, canı xalqımızla birlikdə Qarabağın döyüş meydanlarındadır.

"Sentyabrın 27-də şanlı Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücuma keçməklə ərazilərimizi işğaldan azad etməsi xəbərini sevinc və fərəhlə qarşıladıq. Biz burada erməni işğalçıları və onları dəstəkləyən qüvvələrin siyasətinə qarşı bacardığımız qədər mübarizə aparırıq ki, xalqımızın bu savaşına kiçicik də olsa, töhfə verə bilək. Biz Azərbaycan xalqına, ordusuna, hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə çiyin-çiyinə aparmağa hazırdır. Biz söz veririk ki, burada informasiya müharibəsi apararaq, səngərlərdə döyüşən şərəfli oğullarımıza, arxa cəbhədə yumruq kimi birləşən Azərbaycan xalqına əlimizdən gələn dəstəyi edirik və edəcəyik. Biz əminik ki, bu mübarizə haqq mübarizəsidir və Azərbaycanın qələbəsilə bitəcək!".