Macarıstan mediasında "Macarıstanda yaşayan azərbaycanlı icması Azərbaycan və Ermənistan arasında müharibənin gərginləşməsindən narahatdır" başlıqlı məqalə dərc olunub.
Ölkənin "dailynewshungary.com" xəbər saytında bildirilib ki, hazırda Macarıstanda yaşayan, çalışan və təhsil alan mindən çox azərbaycanlının Qafqaz bölgəsində sülhün böyük bir təhlükə altında qalmasından çox narahatdır. Azərbaycan-Macarıstan Gənclər Birliyi sentyabrın 27-də işğalçı Ermənistanın silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq ölkəmizə qarşı genişmiqyaslı hücuma keçməsi, Azərbaycan ordusunun mövqelərini, eləcə də əhalinin sıx yerləşdiyi mülki yaşayış məntəqələrini intensiv atəşə tutması, Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında davamlı itkilərin olması, bir çox ev və mülki obyektlərin ciddi ziyan görməsi xəbərlərindən dərin həyəcan keçirir. "Ermənistanın bu çür hərəkətləri, xüsusən pandemiya zamanı Azərbaycanın tibb müəssisələrinin işini də ağırlaşdırır".
Məqalədə qeyd edilib ki, dinc əhalinin qəsdən hədəfə alınması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
27 sentyabr hücumunun 12 iyul Tovuzda təxribatının davamı olduğu, işğalçı Ermənistanın Suriya, Livan və başqa ölkələrdən terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərində ordumuza qarşı döyüşmək üçün cəlb etdiyi vurğulanıb: "Təəssüf ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, BMT Baş Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair 2006 və 2008-ci illərdə qəbul etdiyi qətnamələrini icra etmək istəmir, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların müraciətlərinə məhəl qoymur".
Gənc soydaşlarımız Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə Macarıstan dövlətinə və xalqına minnətdarlıqlarını bildiriblər. Son illərdə Azərbaycan-Macarıstan münasibətlərinin daha da inkişaf etdiyi, xüsusilə ticarət, təqaüd proqramları, iş imkanları və iki ölkə arasında gənclər səviyyəsində əməkdaşlığın möhkəmləndirildiyi vurğulanıb.
Azərbaycan-Macarıstan Gənclər Birliyi dünya ictimaiyyətini və beynəlxalq təşkilatları təcavüzkar və işğalçı siyasətini dayandırmaqla bağlı Ermənistana təzyiq göstərməyə, işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsini, Ermənistan hökumətinin beynəlxalq qanun və normalara uyğun davranmasını tələb etməyə çağırıb.