Azərbaycanın istiqlal şairi, Dövlət Himnimizin müəllifi Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva doğma Vətənə dəstəyini bildirib.
Yaşanan son hadisələrlə bağlı fikirlərini Yaqut xanım facebook səhifəsində belə ifadə edib: "Əziz həmvətənlər! Dördüncü gündür ki, İsraildəki diasporumuzun diqqəti Azərbaycan ərazisində gedən müharibəyə yönəlib. Ürəklərimiz ölkəmizin şanlı döyüşçülərinin qəlbləri ilə həmahəng döyünür. Bu döyüşçülər 30 ildir erməni işğalı altında qalmış əzəli Azərbaycan torpaqlarını qarış-qarış azad edirlər".
O, qeyd edib ki, İsraildəki Azərbaycan icmasının hər bir üzvü xalqımızın apardığı azadlıq mücadiləsinin məğzini avamlı olaraq yerli cəmiyyətə izah edir və Azərbaycanın qələbəsinə inanır: "Erməni mənşəli jurnalistlər tərəfindən zəbt edilmiş dünya KİV-lərində məsələnin tarixinin saxtalaşdırılmasını ifşa etmək çox vacibdir. Dünya ictimaiyyətini daim aldatmaq indiyədək heç kəsə müyəssər olmayıb, yenə olmayacaq. Biz sizinləyik, əziz həmvətənlər! Qələbə səninlədir, Azərbaycan!".