Yaponiyanın “Sərhədləri aşanlar 3.0” "YouTube" kanalında Ermənistanın Azərbaycana qarşı son təxribatlarına həsr olunmuş xüsusi veriliş yayımlanıb.
Kazuyasu İşida və Yasuhiro İşibaşinin aparıcılıq etdikləri onlayn formatlı verilişdə Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AzərTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev iştirak ediblər.
Soydaşlarımız münaqişənin tarixi və səbəbləri barədə ətraflı məlumat veriblər. Ermənilərin XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına köçürülməsi, Qərbi Azərbaycana və Dağlıq Qarabağ regionuna yerləşən gəlmələrin buradakı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri, XX əsrin əvvəllərində baş verən rus inqilablarından sonra ermənilərin artıq sayca üstünlük təşkil etdiyi həmin ərazilərdə Ermənistan Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması faktları nəzərə çatdırılıb.
Azərbaycan torpaqlarına köçürüldükdən sonra ermənilərin bu ərazilərdə yaşayan yerli azərbaycanlılara və digər xalqlara qarşı soyqırımları törətdikləri, ötən əsrin sonlarında SSRİ dağılarkən ermənilərin yaranan qarışıqlıqdan istifadə edərək, xarici havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etdikləri, orada yaşayan azərbaycanlıları və digər xalqların nümayəndələrini öz ata-baba yurdlarından ya didərgin salındıqları, ya da qətlə yetirildikləri, bəşəri dəyərlərə zidd olaraq Xocalının dinc sakinlərinə qarşı amansız şəkildə soyqırımı törətdikləri bildirilib. Azərbaycan ordusunun əks-hücumunun, məhz işğal olunmuş həmin torpaqlarda – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri çərçivəsində olan ərazilərində aparıldığı xüsusilə vurğulanıb.
Dağlıq Qarabağ münaqişənin həlli məqsədilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun cəhdlərinə baxmayaraq, Ermənistan rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe üzündən uzun müddət davam edən danışıqlarda heç bir nəticə əldə edilmədiyi, 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə olunsa da, Dağlıq Qarabağda və Ermənistan ərazisindəki ordu hissələrinin daim Azərbaycana qarşı təxribatlar törətdiyi, mülki əhalini atəşə tutduğu qeyd edilib. Azərbaycan rəhbərliyinin bu təxribatların dayandırılmasına dair xəbərdarlıqlarına baxmayaraq, ermənilərin qeyri-qanuni hərəkətlərdən əl çəkmədiyinə diqqət cəlb edilib.
Soydaşlarımız deyiblər ki, 12 iyul 2020-ci ildə 4 günlük Tovuz təxribatından sonra sentyabrın 27-də Ermənistan ordusunun təmas xətti boyunca genişmiqyaslı hücuma keçməsi, hərbi və mülki obyektləri ağır artilleriya zərbələrinə məruz qoyması, hərbçilərin və dinc əhalinin arasında ağır itkilərə səbəb olması Azərbaycan dövlətinin və xalqının səbr kasasını daşdırıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan silahlı qüvvələri, beynəlxalq hüquqa uyğun olaraq, xalqımızın özünümüdafiə hüququnu və torpaqlarımızın işğaldan azad olunmasını təmin etmək üçün əks-hücuma keçib. Münaqişənin belə gərginləşməsinin əsas səbəbkarı Ermənistan hökumətidir və baş verənlərə görə, məhz bu ölkənin hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Aparıcıların və tamaşaçıların suallarını cavablandıran soydaşlarımız bəzi kütləvi informasiya vasitələrinin baş verən hadisələrə qərəzli yanaşdığını qeyd edərək, Yaponiya cəmiyyətini ermənilərin və onların havadarlarının dövriyyəyə buraxdıqları feyk xəbərlərə qarşı diqqətli olmağa çağırıblar. Azərbaycanın ədalətli və haqlı mövqeyə malik olduğu, torpaqlarımız düşmən tapdağından tam azad olunanadək ordumuzun mübarizəsinin davam edəcəyi bəyan edilib.
Veriliş ərzində hadisələrin obyektiv əks olunduğu videogörüntülər, fotolar və xəritələr nümayiş etdirilib.