ABŞ-ın Nyu-York şəhərində dərc olunan "Novıy Rubej" beynəlxalq jurnal-qəzetinin xüsusi buraxılışı Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ətrafında baş verənlərə həsr olunub.
Nəşrin baş redaktoru Nobert Yevdayev yazıb ki, Azərbaycan müxtəlif xalqların və onların mədəniyyətlərinin qovuşduğu ölkədir: "Bu bərəkətli diyarın bütün bölgələrində qədim məscidlər, xristian kilsələri, yəhudi sinaqoqları və müxtəlif sivilizasiyaların mədəniyyətini nümayiş etdirən digər abidələr qorunub saxlanılıb. Bu torpaqlarda yəhudi xalqının böyük qismi yaşayıb və yaşamaqdadır. Azərbaycan mənşəli yəhudilərin bir qismi hazırda ABŞ-da yaşayır və Azərbaycan diasporunun ayrılmaz hissəsidir. Azərbaycanlılarla, bu füsünkar, çoxmillətli və multikultural ölkədə məskunlaşmış digər çoxsaylı etnik azlıqlarla bərabər yəhudilər həm qəhrəmanlıq göstərir, həm də əcdadlarının əsrlər boy yaşadıqları Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canlarını fəda ediblər".
Bas redaktor bildirib ki, sentyabrın 27-də cəbhədə növbəti dəfə gərginliyin artmasından xəbər tutan soydaşlarımız çox həyəcanlanıblar. "Davam edən erməni təcavüzü nəticəsində həak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk".
O, Azərbaycan barədə dezinformasiya yayan bəzi ölkələri və beynəlxalq təşkilatları sərt şəkildə qınayıb: "Bizi həmçinin narahat edir ki, ermənilərin təcavüzkar əməllərinə havadarlıq edən bəzi ölkələr, bir sıra beynəlxalq təşkilatlar yenidən ideoloji təxribatlara, dezinformasiyaya, yalana əl atır, guya Azərbaycan haranısa istila edir, mülki əhalini atəşə tutur. Bircə o aydın deyil ki, Azərbaycan öz ərazisində haranı və necə işğal edə bilər? Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Erməni ordusu ələ keçirdiyi Azərbaycan torpaqlarını təcavüzkarcasına saxlamağa çalışır, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsindəki ərazilərinin azad olunmasını tələb edir".
Sonda ABŞ-da yaşayan Azərbaycan mənşəli yəhudilərin adından Ermənistan tərəfinə Azərbaycan torpaqlarını sivil şəkildə azad etməyə çağırış edilib.
Qeyd edək ki, "Novıy Rubej" beynəlxalq jurnal-qəzeti 2003-cü ildən Nyu-Yorkda dərc olunur. Nəşrin redaksiya kollegiyasına Yakov Abramov, Alyona Bədəlova, Diana Yusufova və Nyu-Yorkdakı Azərbaycan Həmyerlilər Cəmiyyəti üzvlərinin bir qismi daxildir.