Misirdə Azərbaycan diasporunu bəyanatı dərc olunub

03.10.2020

Azərbaycanla Ermənistan arasında müharibənin səbəbləri ilə bağlı Azərbaycan diasporunun bəyanatı Misirin “Vətən Sözü” xəbər saytında dərc olunub. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirovun imzası ilə yayımlanmış bəyanatda bildirilir:

1. Dağlıq Qarabağ mübahisəli bir ərazi deyildir. O, bütün dünya tərəfindən qəbul olunmuş Azərbaycanın hüdudları daxilində əzəli torpağıdır.

2. 30 ildir ki, Ermənistan Qarabağı və ətrafındakı 7 rayonu da işğal altında saxlayır. Bu günə qədər bu ərazilərdən geri çəkilmir.

3. BMT təhlukəsizlik şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 822, 874, 884, 853 nömrəli 4 qətnaməsi var.

4. Bir çox dünya dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini "soyqırım" kimi tanımışdır.

5. Müharibə Ermənistan ərazisində getmir. 30 ildir ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. Bu gün davam edən müharibə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün apardığı savaşdır.

6. Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər qüvvəsi olduğu halda o, 1994-cü ildə elan olunan atəşkəs razılaşmasına əməl etmişdir. Tərəflər münaqişəni ATƏT-in Mins qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə razılaşmışdır, lakin heç bir İrəvan rəsmisi bunun üçün səy göstərməmişdir.

7. Azərbaycan dəfələrlə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulamışdır. Lakin Ermənistan baş naziri Paşinyan hakimiyyətə gələndən sonra, onun ziddiyətli çıxışları və sərhədyanı bölgələrdə yaşayan sivil əhalinin öldürülməsi danışıqlar prosesini tamamilə dayandırmışdır.

Bəyanatın sonunda Seymur Nəsirov oxuculara sualla müraciət edib: Əziz oxucular, bu həqiqətləri biləndən sonra, siz azərbaycanlıların yerində olsaydınız nə edərdiniz?