Gürcüstanlı ziyalılar Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirlər

03.10.2020

"Ermənistan Dağlıq Qarabağı tərk etməlidir, bu, Azərbaycanın tarixi torpağıdır və dünya birliyi birmənalı olaraq Azərbaycanı onun ədalətli müharibəsində dəstəkləməlidir" - bu fikirləri Gürcüstanın Suxumu Universitetinin siyasi elmlər və tarix elmləri doktorları, professorlar Elqudca Kavtaradze və Kaxa Pipiya deyiblər.

Onların sözlərinə görə, SSRİ dağılan dönəmdən bəri Azərbaycan xalqı on illərdir Ermənistan tərəfinin tarixi ədalətsizliyinə dözür. Erməni təcavüzü nəticəsində milyon azərbaycanlı öz doğma torpağından qovulub və indiyədək geri qaytarılmalarını həsrətlə gözləyirlər.

Ermənistan hökumətinin heç bir vaxt münaqişənin həll olunması üçün konstruktiv mövqe tutmadığını vurğulayan gürcü alimlər hesab edirlər ki, ədalət Azərbaycanın tərəfindədir. Və əgər ermənilər 30 ilə yaxındır başqasının ərazisini tutmağın yolverilməz olduğunu anlamayıblarsa, deməli, indi layiqli cavablarını alırlar.

Professorların fikrincə, tərəfləri danışıqlar masası arxasına oturmağa çağırmalarına baxmayaraq, Gürcüstanın rəsmi şəxsləri də siyasi planda Azərbaycanı dəstəkləyirlər.

Kaxa Pipiya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar aparmaq əvəzinə, təxribatlar törətməklə məşğul olan Ermənistanın hərəkətlərinə göz yuman və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün yalnız yüksək kürsülərdən bəyanatlar verməklə kifayətlənən dünya birliyini sərt tənqid edib. "Bu gün Azərbaycanın silahlı qüvvələri Azərbaycan torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Bunu beynəlxalq hüquq, BMT qətnamələri ilə yanaşı, sadəcə tarixi ədalət tələb edir. Qarabağ öz sahibinə qaytarılmalıdır".

Professorlar Azərbaycan xalqı ilə həmrəy olduqlarını və dəstəklədiklərini bildiriblər.