"AzərRos" həmvətənlərimizi ayıq-sayıq olmağa və təxribatlara aldanmamağa çağırıb

03.10.2020

"AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli–Mədəni Muxtariyyəti Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, "AzərRos" yaranmış durumdan son dərəcə narahatdır: "Təəssüf ki, dünya birliyinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884) ilə bağlı məsələni dinc yolla həll etmək cəhdləri baş tutmadı. Ümid edirik ki, rəsmi Bakının atdığı addımlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaracaq".

Bəyanatda qeyd edilib ki, həm xaricdəki, həm də Rusiyanın daxilindəki radikal qüvvələr bu iki milli icmanın nümayəndələrini, xüsusilə həyat təcrübəsi olmayan gəncləri qeyri-qanuni hərəkətlərə təhrik edir. "Bu isə yaşadığımız çoxmillətli ölkədə – Rusiyada – Azərbaycan və erməni diasporlarının ən çox olduqları məmləkətdə tamamilə və qəti yolverilməzdir. Beynəlxalq münaqişələrdən istifadə olunması, münaqişələrin xaricdən Rusiya ərazisinə keçirilməsi, iki xalqın milli icmaları arasında münaqişə ocağı yaradılması cəhdləri hüquqi qiymətini alacaq, hüquq-mühafizə orqanları tərəfindən təcili surətdə kökündən kəsiləcək".

Bəyanat müzəllifləri həmvətənlərimizi həmişə və hər yerdə ölkədə milli barışığın əsası olan Rusiya Federasiyasının qanunlarına ciddi riayət etməyə, əmin-amanlığı qorumağa, bir-birinə hörmət bəsləməyə, ayıq-sayıq olmağa, təmkin və müdriklik nümayiş etdirməyə, yaranan vəziyyəti ölçüb-biçməklə qiymətləndirməyə, həmçinin öz hərəkətlərinin, bəyanatlarının nəticəsi barədə qabaqcadan düşünməyə, informasiya tələlərinə düşməməyə, münaqişənin gərginləşməsi faktından istifadə edərək Dağlıq Qarabağdakı hərbi vəziyyəti Rusiya Federasiyası ərazisinə keçirməyə yönəlmiş hər hansı fitnə və təxribatlara aldanmamağa çağırıblar.