Azərbaycanda yaşayan bolqar icması 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycan ərazilərini iriçaplı artilleriya qurğularından atəşə tutmasına etiraz olaraq bəyanat yayıb.
“Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım” İctimai Birliyi tərəfindən yayımlanan bəyanatda bildirilir ki, Azərbaycan zəngin tarixi, mədəni və multikultural dəyərlərə malik bir ölkədir.
Bu ölkədə, qanunlara riayət edən hər bir kəs, milliyyətindən, irqindən asılı olmayaraq rahat və firavan yaşaya bilər. Biz artıq uzun illərdir ki, Azərbaycanda sülh-əminamanlıq şəraitində yaşayır və işləyirik. Burada olduğumuz müddətdə əldə etdiyimiz informasiyalar və təcrübə qəti əminliklə Azərbaycan xalqının sülhsevər, tolerant və multikultural bir xalq olduğunu deməyə tam əsas verir.
Azərbaycanda bütün xalqların nümayəndələri sülh və dostluq şəraitində, qarşılıqlı hörmət əsasında birgə yaşayırlar. Azərbaycan dövləti istər özünün müxtəlif azsaylı xalqlarından olan vətəndaşlarına, istərsə də bu ölkədə işləyən, yaşayan insanlara tolerant, qonaqpərvər bir yanaşma sərgiləyir.
Təəssüflə qeyd edirik ki, 30 ilə yaxındır Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövləti öz təxribatlarından əl çəkmir, Azərbaycanın mülki və hərbi obyektlərinə, insanlarına qarşı vaxtaşırı təxribatlar törədir. Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.
Həlak olanların arasında məktəbli uşaqların, yaşlı insanların olması isə bizi xüsusilə narahat edir.
Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır.
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təəssüf və narahatçılıq doğurur.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.
Biz – Azərbaycanda yaşayan bolqar icmasının üzvləri Ermənistanı təxribatlara son qoymağa, Azərbaycan ərazilərini işğaldan azad etməyə, beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağa çağırırıq.