İzmirdə Azərbaycana böyük dəstək nümayiş etdirilib

02.10.2020

Türkiyənin İzmir şəhərindəki Saat qülləsinin və Valiliyin binasının Azərbaycan və Türkiyə bayraqlarının rənglərinə boyanması şəhər sakinlərinin bu ərazidə toplanmalarına səbəb olub.

Ermənistanın hərbi təxribatlarına etiraz və Azərbaycanı dəstəkləmək məqsədilə Azərbaycan və Türkiyə bayraqları ilə toplanan izmirlilər qarşısında Azərbaycan İcmasının rəhbəri Asif Qurban çıxış edib. Türkiyə dövlətinə və xalqına böyük dəstək üçün minnətdarlığını bildirən natiq deyib ki, Ermənistanın son təxribatı Azərbaycan dövlətinin və xalqının səbrini daşdırdı. "Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bütün cəbhə boyu əks-hücuma başladı. Bu dönəmdə özəlliklə Türkiyədən, Ukraynadan, Pakistan kimi ölkələrdən dəstək aldıq. Hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər vəzifəli şəxslərin ən yüksək səviyyədə verdikləri dəstək Azərbaycana əsl mənəvi dayaq olub. Zəfər gününü gözləyən Azərbaycan əsgəri, Azərbaycan xalqı və Azərbaycan dövləti bu dəstəyi qürurla izləməkdə və məmnun olmaqdadır".

A.Qurban bildirib ki, İzmirin böyükşəhər bələdiyyəsinin və valiliyinin dəstəyilə İzmir Saat qülləsinin və hökumət binasının Azərbaycan və Türkiyə Bayraqlarının rənglərinə boyanması "Bir millət, iki dövlət" prinsipinə sadiqlik və Azərbaycanın yanında olmaq deməkdir. "İzmirdə ilk dəfədir belə hadisə yaşanır. Bu, İzmirdə və dünyada yaşayan azərbaycanlıları çox xoşbəxt edir".