“Ulduz” Mədəniyyət Cəmiyyəti erməni təcavüzünə etiraz edir

02.10.2020

Fransada fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Cəmiyyəti Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 27 sentyabr 06:00 radələrində Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Nəticədə mülki əhali və hərbçilər arasında itkilər var. Bir çox evə və mülki obyektə ciddi ziyan dəyib. Bu, Ermənistan silahlı qüvvələrinin insanların sıx məskunlaşdığı ərazilərdə qəsdən və məqsədyönlü törədilmiş növbəti bir təxribatıdır. Mülki insanlara qarşı qəsdən edilən bu hücumlar, 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhəddində yerləşən Tovuz istiqamətində törətdiyi iyul təxribatı da dünyaya ermənilərin işğalçı olduqlarını bir daha göstərmişdi. ABŞ Konqresi də Ermənistanı təcavüzkar ölkə adlandırıb”- deyə bəyanatda bildirilir. Bəyanatda həmçinin vurğulanır ki, Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrinə hörmət etmir.

“Ermənistan dövlətinin təcavüzkar siyasətinə son qoymaq və işğal altındakı Azərbaycan ərazilərinin dərhal azad olunmasını təmin etmək üçün dünya birliyini və beynəlxalq təşkilatları Ermənistan dövlətinə təsir göstərməyə çağırırıq”.