BƏƏ-dəki soydaşlarımız yerli və xarici qurumlara müraciət ediblər

01.10.2020

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı icması işğalçı Ermənistanın bütün cəbhəboyu genişmiqyaslı hücumu və vəziyyəti yenidən gərginləş-dirməsi ilə bağlı yerli və xarici qurumlara, eləcə də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.

Azərbaycanlı icmanın üzvü, Əbu-Dabi Universitetinin müəllimi, şərqşünas alim Şəhrizad Süleyman bildirib ki, bəyanatda Ermənistanın təcavüzkar siyasətinə kəskin etiraz ifadə edilib və Azərbaycan dövlətinin haqlı mövqeyi ifadı edilib.
Bəyanatda qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi vaxtda təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən Ermənistan son təxribatla Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədi güdüb. "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə, mülki əhaliyə amansız hərbi hücumu qonşu dövlətin açıq-aşkar işğalçı siyasətinin növbəti təzahürü və qəsdən törədilən təxribatıdır".

Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan buna indiyədək əməl etmir. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasəti aparması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

1990-cı ilin əvvəllərindən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan çox insanın ata-baba torpaqlarından didərgin düşdüyünü xatırladan bəyanat müəllifləri qeyd ediblər ki, uzun illər ərzində Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistan yolverilməz davranışı ilə danışıqların dayandırılmasına səbəb olub. "Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri, burada müxtəlif tədbirlərin, andiçmə mərasiminin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və sülh danışıqları prosesi ilə ziddiyyət təşkil edir".

Bəyanatda bildirilib ki, müstəqil Azərbaycan dövləti öz ərazilərini azad etmək və xalqının təhlükəsizliyini təmin etmək hüququna malikdir. "Ermənistan xalqı və hökuməti başa düşməlidir ki, Azərbaycan Ordusu istənilən hərbi təxribatın, qəfil hücumun qarşısını almağa qadirdir və istənilən təxribata qətiyyətlə cavab veriləcək. Baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan sülh danışıqlarının aparılmasında əsla maraqlı deyil və nəinki regionda, bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdidə çevrilib".