Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən başlayan hərbi təxribatlara etiraz olaraq bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında ölən və yaralananlar var. Həmçinin, bir çox yaşayış evinə və mülki obyektə ciddi ziyan dəyib.
“BMT Baş Assambleyasının 75-ci iclasında davam edən Ümumi Müzakirələrə və COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə baxmayaraq, Ermənistan bir daha beynəlxalq hüquqa, BMT-nin Qətnamələrinə və beynəlxalq cəmiyyətə etinasızlıq göstərib”- deyə bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, Ermənistan, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, 2006 və 2008-ci illərdə qəbul edilmiş "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" barədə BMT Baş Assambelyasının qətnamələrini icra etməməklə və mövcud pandemiyaya görə BMT və ÜST və digər nüfuzlu beynəlxalq təşkilatların müraciətlərinə məhəl qoymamaqla öz təxribatçı hərəkətlərini davam etdirir. Beləliklə, Ermənistan bölgədə təhlükəli vəziyyət yaratmaqla fundamental insan haqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozur. Bunlar beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və Ermənistanın təcavüzkarlığı dərhal dayandırılmalıdır.
“Finlandiya Parlamentinin Ermənistanın törətdiyi təcavüzü düzgün qiymətləndirəcəyinə ümid edirik. Biz əziyyət çəkən tərəfik. Milyon nəfərimiz Ermənistanın Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etdiyi zaman öz yerlərindən məcburi köçkün düşüb. Bu bölgələr beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır, lakin hələ də Ermənistanın nəzarətindədir. Azərbaycan və azərbaycanlılar Ermənistanın işğal siyasətinin qurbanıdır və biz azərbaycanlı köçkünlərin öz evlərinə qayıda bilməsi üçün dəyişiklik istəyirik”- deyə bəyanatda qeyd olunub.