Azərbaycan ordusunun işğalçı Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan genişmiqyaslı hücumunu qəhrəmanlıqla dəf etməsi və əks-həmlə ilə torpaqlarımızı azad etməyə başlaması xaricdə yaşayan soydaşlarımızda böyük ruh yüksəkliyi yaradıb.
Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş bildirib ki, həmvətənlərimiz ordumuzun Ermənistanın işğalçı qüvvələrinə qarşı cavab zərbələrini, işğal olunmuş ərazilərin düşmən tapdağından azad edilməsi barədə xəbərləri böyük həyəcanla və coşqu ilə izləyirlər. Avstriyanın Vyana, Lints, Hayd, Sankt Pölten və digər bölgələrində yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə edərək, Qarabağın işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmək istədiklərini bildiriblər.
Onun sözlərinə görə, “Bir millət, iki dövlət“ prinsipinə sadiq olan türk diasporunun təmsilçiləri Qarabağın azadlığı uğrunda azərbaycanlı qardaşları ilə çiyin-çiyinə döyüşmək istəyirlər. Gün ərzində çoxlu zəng və müraciətlər qəbul etdiyini bildirən diaspor təşkilatının rəhbəri qeyd edib ki, hər kəs tezliklə Azərbaycan əsgərinin müqəddəs Vətən torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləyəcəyinə və böyük zəfər qazanacağına inam ifadə edir.