Qəsbkar Ermənistanın ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixli növbəti hərbi təxribatı Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının bir araya gəlməsinə səbəb olub.
Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının təşkilatçılığı ilə baş tutan tədbirdə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasına üzv təşkilat rəhbərləri ilə yanaşı Benilüks Azərbaycanlıları Konqresinin sədri və diaspor fəalları da iştirak ediblər. Onlar bildiriblər ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı bütün cəbhəboyu genişmiqyaslı hərbi təxribatlarını böyük rəşadətlə dəf edən və torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan Ordusu ilə qürur duyuruq. Bu bir Vətən müharibəsidir. Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk.
Tədbirdə iştirak edən təşkilat rəhbərləri qeyd ediblər ki, hadisələrin Niderland mediasında dəqiq və qərəzsiz işıqlandırılmasını diqqətlə izləyirlər. Qeyd edilib ki, bu yaxınlarda nos.nl xəbər portalında dərc olunmuş yanlış məlumata, məhz Niderlanddakı diaspor fəallarımızın səyləri nəticəsində dəyişiklik edilib.
Tədbir iştirakçıları işğalçı Ermənistanın təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıblar, Azərbaycan dövlətinin və ordusunun yanında olduqlarını bəyan ediblər.