"Azİz": "Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik"

28.09.2020

Bu çağırışla "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası çıxış edib. Assosiasiyanın bəyanatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi təxribatlar genişmiqyaslı hərbi əməliyyatların başlanmasına səbəb olub. Nəticədə, Azərbaycan Ordusu 30 ildir erməni işğalında olan bir neçə kəndi azad etməyə nail olub.

Ermənistan silahlı qüvvələrinin daim atəşkəs rejimini pozması, yaşayış məntəqələrini atəşə tutması nəticəsində azərbaycanlı hərbçilər və mülki əhali arasında itkilərin olduğunu vurğulayan bəyanat müəllifləri qeyd ediblər ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistan nəinki torpaqları azad etmək niyyətində deyil, həm də üçüncü dövlətlərin və iri beynəlxalq təşkilatların vasitəsilə Azərbaycanla aparılan sülh danışıqlarını pozur, bununla da status-kvonu saxlamağa çalışır, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz və dərhal azad edilməsi barədə 4 qətnaməsinə məhəl qoymur.

"Bütün qeyri-hüquqi hərəkətlərin fonunda Ermənistan münaqişə barədə təxribatçı ritorikadan istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin köklərinə dair dünya ictimai rəyini çaşdırmaqda davam edir", - deyə vurğulanıb.
Bəyanat müəllifləri qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülhün bərqərar olması, qonşu dövlətlər və iki xalq arasında çoxillik qarşıdurmaya son vermək naminə dəfələrlə Ermənistan rəhbərliyini Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırıb. Amma Ermənistan rəhbərliyi, erməni diasporunun təhrikçiləri bu məsələnin dinc yolla həllinə mane olurlar.

"Azİz" Ermənistan rəhbərliyini gələcək itkilərə yol verməmək üçün hərbi əməliyyatları dayandırmağa, münaqişəni beynəlxalq hüquq və normalara uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll etməyə çağırıb.