Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli!" İctimai Birliyi Ermənistanın işğalçı silahlı qüvvələrinin 27 sentyabr tarixli genişmiqyaslı təxribatına etiraz olaraq bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır: "Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var".
Faşist mahiyyətli Ermənistanın 30 ilə yaxındır ki, BMT-nin Təhlükəslik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyini vurğulayan birlik bu təcavüzkar dövlətin silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonunun dövlət sərhəddində, eləcə də cəbhə xəttində yaratdıqları hərbi təxribat zamanı mülki əhalini və Azərbaycan ordusunu raket və artileriya qurğularından atəşə tutduğunu, XX əsrin sonlarında Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda hərbi cinayətlərə yol verdiyini, 1992-ci il fevralın 26-da Xocalıda insanlığa sığmayan amansız soyqırımı törətdiyini xatırladıb.
"Biz, bütün dünyada yaşayan azərbaycanlı gənclər, hər zaman olduğumuz ölkələrdə Dağlıq Qarabağda, eləcə də, Xocalıda törədilmiş terroru və soyqırımı dünya ictimaiyyətinə çatdıraraq gələcəkdə bu kimi hadisələrin – işğalçılığın, soyqırımının təkrarlanmasının, uşaqların və mülki şəxslərin qətlə yetirilməsinin əleyhinə olduğumuzu bəyan edirik. Eyni ssenarini biz 2016-cı ilin aprel ayında və 2017-ci ilin iyul ayının 4-də gördük. İki yaşlı (18 aylıq) Zəhra da erməni terrorçuları tərəfindən qətlə yetirildi".
Birlik ATƏT-in Minsk qrupunu, beynəlxalq təşkilatları erməni qəsbkarlarının törətdiyi vəhşiliyə, mülki şəxslərin qətlə yetirilməsinə laqeyd münasibətini pisləyib: "Bu cür ikili siyasətin nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edir. Cəbhəyanı ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranır, bəzi hallarda isə onlar həlak olurlar".
Gürcüstanda yaşayan azərbaycanlı gənclər işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməyə və beynəlxalq ictimaiyyəti bu tələbi dəstəkləməyə çağırıb.
"Bütün dünya azərbaycanlıları kimi, biz Gürcüstan azərbaycanlıları da Azərbaycan Prezidentinin, şanlı ordumuzun və müdrik Azərbaycan xalqının yanında olduğmuzu bir daha bəyan edirik. Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük!".