Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hal-hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.
Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.
Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildirirk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etməlidir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi:” Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!"