“Rus Pravoslav Kilsəsi Azərbaycanda” mövzusunda videogörüş təşkil edilib

23.09.2020

Sentyabrın 22-də “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində “Rus Pravoslav Kilsəsi Azərbaycanda” mövzusunda videogörüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arxiyepiskopu Aleksandr İşeinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə layihənin kuratoru Aydan İsrafilova açıb.

Rusiya Dövlət İdarəetmə Universitetinin tədqiqatçısı, “Valday” Beynəlxalq Diskussiya Klubunun mütəxəssisi Fərhad İbrahimovun moderatorluğu ilə aparılan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Tural Əliyev və arxiyepiskop Aleksandr İşein çıxış ediblər.

T.Əliyev Rus Pravoslav Kilsəsinin Azərbaycandakı tarixi və rusların ölkəmizdə məskunlaşması barədə ətraflı məlumat verib.

Rus Pravoslav Kilsəsinin və xristianlığın Azərbaycanda yaranma tarixi, inkişafı, fəaliyyəti barədə danışan arxiyepiskop A.İşein XX əsrin əvvəllərində Bakı şəhərində 17 Pravoslav məbədinin mövcud olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Çoxmillətlilik bizim zənginliyimizdir” fikrini xatırladan arxiyepiskop qeyd edib ki, ulu öndərin hakimiyyəti dönəmində Azərbaycanda pravoslav icmasına böyük önəm verilib. Hazırda həmin kurs Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Rus Pravoslav Kilsəsinin fəaliyyəti dəstəklənir, çoxmillətli Azərbaycanda dini icmaların fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılıb.

Tədbir Facebook üzərindən canlı yayımlanıb:

https://www.facebook.com/watch/?v=809182386320794&extid=kZCB9B6jOC7AVIPS

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsinin məqsədi – Azərbaycandakı multikultural və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirməkdən ibarətdir.