Diasporla İş üzrə Dövlət Komitəsi 2020-ci ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasında saxlanılan vətəndaşlarımızın vəziyyətini daim diqqət mərkəzində saxlayır.
Aksiya zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının vəkillərlə təmin olunması, maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi, öz imkanları və səlahiyyətləri daxilində, müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində, bütün lazımi addımları atır.
Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycan-Rusiya sərhəddinin Dağıstan hissəsinə gəlmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq proseslərinə dəstək vermək və orada qaldıqları müddətdə vətəndaşlarımıza müvafiq yardım etmək məqsədilə Dövlət Komitəsinin məsul əməkdaşları sərhəddə ezam edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, digər müvafiq dövlət qrumları ilə birlikdə, vətəndaşlarımızın hüquqlarının qorunması və onların istəklərinə uyğun olaraq Vətənə qayıtmaları üçün bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcək.