Azərbaycanlı hüquqşünas Londonun meri olmağa namizəddir

23.09.2020

Böyük Britaniyada yaşayan soydaşımız Kamran Balayevin London meri vəzifəsinə namizədliyi irəli sürülüb. Beynəlxalq hüquqşünas olan həmyerlimizə Böyük Britaniyanın 2017-ci ildə yaradılmış Renev (Renew) mərkəzçi partiyası etimad göstərib.

Kamran Balayev 4 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub. Kembric Universitetinin, London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunudur. Həmyerlimiz İsveçrənin elitar analitik mərkəzlərində hazırlıq keçib və hüquq elmləri doktorudur.

Həmyerlimiz Avropa Şurası, ATƏT, BMT-nin İnsan Hüquqları üzrə Ali komissarlığı, Avropa İnsan Hüquqları Məhkəməsi, İnterpol kimi beynəlxalq təşkilatlarla iş təcrübəsinə malikdir. BMT deklarasiyası çərçivəsində insan hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olan "Sərhədsiz hüquqşünaslar" təşkilatının yaradıcısıdır.

Qeyd edək, ki, London meri seçkiləri 2021-ci ildə keçiriləcək.