Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının əlaqələndiricilərinin və bir sıra diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə “Avropanın media orqanlarında və beynəlxalq təşkilatlarda iş” mövzusunda videokonfrans təşkil edib.
Komitə sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyindən danışıb, diasporumuzun fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayıb.
O, son dövrlərdə Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaları, yeni müharibəyə hazırlaşmaları barədə məlumat verib.
Komitə sədri Prezident İlham Əliyevin “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu” fikirlərini xatırladıb və Tovuzda baş verən təxribatla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xaricdə yaşayan azərbaycanlıların yüksək fəallıq göstərdiyini bir daha yada salıb.
Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə daha müfəssəl informasiyaların çatdırılması üçün bütün xarici platformalarda, o cümlədən KİV-lərdə, sosial mediada fəaliyyətin genişləndirilməsi, təbliğatın müasir metodlarından istifadə olunması, beynəlxalq təşkilatlarla işin daha peşəkar səviyyədə qurulması istiqamətində müzakirələr aparılıb və təkliflər verilib.
Konfrans iştirakçıları yaşadıqları ölkələrdə azərbaycanlılara məxsus media orqanlarının yaradılması üzərində də düşündüklərini qeyd edib, bunun üçün mövcud potensialdan düzgün istifadə olunmasının vacibliyindən danışıblar. Videokonfransda 17 ölkədən diaspor nümayəndələri iştirak edib.