Marneulidə məktəblərarası futbol turniri təşkil edilib

23.09.2020

Gürcüstanın Marneuli rayonunda keçirilən məktəblərarası futbol turniri başa çatıb. Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı və dəstəyilə gerçəkləşdirilən yarışda 8 komanda iştirak edib.

Turnir beynəlxalq dərəcəli hakim, “Qızıl fit” mükafatı laureatı Tofiq Bəhramov və Gürcüstanın gənclərdən ibarət yığma komandasının üzvü Badri Qivianidzenin şərəfinə təşkil edilib. GAİM-in idman meydançasında baş tutan turnirdən öncə baş hakim Əhməd İsmayılov hər iki futbol əfsanəsi barədə məlumat verib. Sonra tanınmış idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final görüşündə GAİM-in birinci komandası digər komandanın qapısından dörd cavabsız qol keçirərək qalib olub. Qaliblərə və II-III yerləri tutan komandalara medallar və müxtəlif mükafatlar, daha çox fərqlənən oyunçulara isə hədiyyələr təqdim olunub. Mükafatları və hədiyyələri GAİM-in icraçı direktoru Rafiq Hümmət, Marneuli rayon Sakrebulosunun sədr müavini Roman Tabatadze, Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev təqdim ediblər.

Mükafatlandırma mərasimindən sonra R.Tabatadze və R.Hümmət çıxış ediblər. Natiqlər məktəbli futbolçularu təbrik ediblər və onlara gələcəkdə daha böyük uğurlar əldə etməyi arzulayıblar. Bu maraqlı turnirin keçirilməsi üçün böyük əmək sərf edənlərə, xüsusilə də GAİM-in futbol müəllimi, yarışların baş hakimi Əhməd İsmayılova minnətdarlıq bildirilib və bundan sonra da belə tədbirlərin baş tutmasında mərkəzin öz köməyini əsirgəməyəcəyi vurğulanıb.