Niderlandın Ensçede şəhərinin mərkəzi meydanında keçirilən multikultural festivalda ölkəmiz də təmsl olunub.
Yerli meriyanın təşkil etdiyi ənənəvi tədbirdə bu şəhərdə yaşayan millətlərin nümayəndələri öz milli-mədəni nümunələrini nümayiş etdiriblər. Pandemiya ilə əlaqədar olaraq builki festivalda yalnız 10 ölkənin iştirakına icazə verilib. Həmin ölkələrdən biri də Azərbaycan olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə qurulan Azərbaycan guşəsində ölkəmizdən bəhs edən kitablar, milli geyimlər, musiqi alətləri, mətbəx nümunələri sərgilənib. Azərbaycan guşəsi yerli sakinlərin və çoxsaylı turistlərin böyük marağına səbəb olub.
AAK sədri Sahil Qasımov bildirib ki, bu cür festivallarda ölkəmizin təmsil olunması zəruridir. Çünki Azərbaycanın dünyaya nümayiş etdirəcəyi çox zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxi var.