Fransa mediası itkin düşmüş azərbaycanlı əsgərlərin axtarışından yazıb

22.09.2020

Fransanın Elzas bölgəsində nəşr edilən “DNA”(Elzasın son xəbərləri) qəzetində “Strasburqlu itkin düşmüş azərbaycanlı əsgərləri axtarır!” sərlövhəli məqalə dərc olunub.

Məqalədə bildirilir ki, Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin rəhbəri Nicat Kazımov II Dünya müharibəsi dövründə bu bölgədə həlak olmuş azərbaycanlı əsgərlərin məzarlarını tapmaq üçün geniş araşdırmaya başlayıb. Bu ilin avqust ayında Sultz-le-Ben kommunasında 10 azərbaycanlı əsgərin qeydiyyatda olduğu haqda məlumat əldə edən tədqiqatçı müəyyənləşdirib ki, söhbət 1942-1944-cü illərdə həlak olmuş şəxslərdən gedir. Həmin əsgərlər Mütziq qalasında əsir saxlanılmış 394 sovet əsgəri arasında olublar. Almanlar azərbaycanlı əsgərləri Qafqaz legionuna daxil etmək istəsələr də, onlar bundan imtina etdikləri üçün barələrində edam hökmü çıxarılıb.

Axtarışlar nəticəsində Strasburqdakı cənub qəbiristanlığında Molla Hüseynov və Müxlis Məmmədzadənin məzarları tapılıb. Hazırda Nicat Kazımov Fransada dəfn olunmuş digər azərbaycanlı əsgərlərin qəbirlərinin axtarışındadır. Fransadakı 518 qəbiristanlıqda 9661 sovet əsgəri dəfn edilib. Bundan başqa, müharibə zamanı Fransa ərazisində sovet məhbuslarının saxlandığı 200-dən çox düşərgənin olduğu deyilir.

Axtarışları davam etdirən Nicat Kazımov topladığı faktlar əsasında kitab çap etmək, yaxud sənədli film hazırlamaq niyyətindədir.

Qeyd edək ki, 27 yaşlı Nicat Kazımov Strasburqda yaşayır. Fransaya 2013-cü ildə təhsil almaq üçün gedən soydaşımız əsasən Qafqaz ədəbiyyatı üzrə ixtisaslaşmış “Kəpəz” nəşriyyat evinin yaradıcısı və rəhbəridir.