Kiyevdə keçirilən etnomədəni festivalda ölkəmiz uğurla təmsil olunub

21.09.2020

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən etnomədəni festivalda Azərbaycan diasporu da təmsil olunub. Yerli meriyanın təşəbbüsü ilə baş tutan tədbirdə Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) dəstəyilə təşkil olunan Azərbaycan pavilyonunda milli xalçalar, geyimlər, kitablar, musiqi alətləri və rəsm əsərləri nümayiş etdirilib. Pavilyonun tərtibatı, xalqımızın milli musiqi, rəqs və məxbəx nümunələri festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda Nicat Mirzəyevin başçılıq etdiyi "Qafqaz" ansamblı milli rəqslərimizi ifa edərək tədbirə xüsusi ovqat qatıb.

UABD rəhbəri Hikmət Cavadov bildirib ki, Bakının qədim və müasir görüntülərinin əks olunduğu tərtibatda rəssam Əsgər Cavadovun böyük əməyi var və festivalın gedişində azərbaycanlı rəssam arzu edənlərə ustad dərsi də keçib. "Əməyi keçən hər kəsə, xüsusilə də Əsgər Cavadova və Nicat Mirzəyevə minnətdarlığımızı bildiririk. Fikrimizcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib" - deyə H.Cavadov vurğulayıb.