"Amputant" komandasının üzvləri Varşavadakı Azərbaycan Evinin qonağı olub

21.09.2020

Polşanın Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) üzvləri ilə görüş keçirilib.

Qeyd edək ki, sentyabrın 18-dən 22-dək Varşavada keçirilən "Avropa Amputant Futbol Kuboku–2020"nin final mərhələsində Azərbaycanın "Amputant" komandası II yerə çıxaraq gümüş medal qazanıb. Qələbədən sonra baş tutan görüşdə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova və bu ölkədə yaşayan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir zamanı Federasiyanın vitse-prezidenti Ziya Əhmədov qurumun yaranma tarixindən, fəaliyyətindən, qısa zamanda uğurlar qazanmasından, "Amputant” komandasının qazandığı uğurlardan, ölkəmizdə bu idman növünə göstərilən dəstəkdən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində əlil olmuş vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Federasiya yarışlar zamanı həm də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdırır.

Qonaqlar uzaq Polşada Vətənimizin bir parçası olan Azərbaycan Evinin fəaliyyət göstərməsindən və soydaşlarımızla görüşdən məmnunluq duyduqlarını vurğulayıblar.

Görüş Azərbaycan Evinin adından Federasiya üzvlərinə müxtəlif hədiyyələrin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.